"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Dövlət Miqrasiya Xidmətində maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə keçirilən “Bəhruz Kəngərli yaradıcılığı” mövzusunda maarifləndirici tədbiri giriş sözü ilə xidmətin əməkdaşı Samir Abbasov açaraq belə tədbirlərin əhəmiyyətindən danışıb.

Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli çıxış edərək görkəmli rəssamın yaradıcılığından bəhs edib. Bildirilib ki, dahi rəssam müxtəlif mövzularda öz fırçasını sınasa da, bütün yaradıcılığı Vətənə, torpağa, xalqa, taleyimizə bağlı olub. Dövrünün qabaqcıl ziyalılarının portretləri üzərində işləyir, karikatura və satirik rəsmlər, memarlıq, mənzərə və məişət səhnələrini əks etdirən rəsm, akvarel və rəngkarlıq əsərləri yaradırdı. Onun yaradıcılığında bir sıra əsərlər də var ki, bütövlükdə, xalqımızın yaşadığı faciəli illərin ağrı-acılarını əks etdirir. Bəhruz Kəngərli 1918-1920-ci illərdə mənfur erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edib, öz ana torpaqlarından zorla qovulan və Naxçıvana pənah gətirən azərbaycanlı qaçqınların portretlərindən ibarət silsilə əsərlər də yaradıb. Tarixi reallıqları özündə əks etdirən bu rəsm əsərləri daşnakların törətdikləri qırğınların, deportasiyaların, ümumən, millətimizin üzləşdiyi dərdlərin gələcək nəsillərə çatdırılmasında əvəzsiz mənbədir.

Ardını oxu...

Naxçıvanda kənd turizminin inkişafı üçün potensial imkanlar var

AZƏRTAC-da "Naxçıvanda kənd turizminin inkişafı üçün potensial imkanlar var" adlı məqalə dərc olunub. Həmin məqaləni oxuculara təqdim edirik.

İsti yay günlərində asudə vaxtı səmərəli keçirmək, yaxşı istirahət etmək üçün ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında geniş imkanlar var. Bu məqamda kənd turizmi daha çox diqqəti cəlb edir. Çünki kənd turizmi ən sərfəli və ən gözəl istirahət növüdür.

Sevindirici haldır ki, dünyanın, xüsusən də Avropanın inkişaf etmiş ölkələrində populyarlıq qazanan bu turizm növünə ölkəmizdə, o cümlədən muxtar respublikada maraq artmaqdadır. Zəngin təbii turizm ehtiyatlarımız və yenilənmiş sosial infrastruktur buna şərait yaradan əsas amillərdəndir.

Kənd turizmi iqtisadi cəhətdən sərfəli, təşkilati baxımdan çox asandır. Bu turizm növünün təşkili zamanı digərləri ilə müqayisədə qarşıya çıxan çətinliklər yoxdur. Məsələn, yay tətili dövründə muxtar respublikanın ecazkar təbiətə malik Şahbuz rayonunun Biçənək və ya Ordubadın Çənnəb kəndinə yollanmağı yaxın xaricdəki hər hansı turizm mərkəzinə səyahətlə müqayisə etdikdə bunu daha aydın şəkildə görmək olar. Belə ki, iki nəfərin birhəftəlik xarici ölkə turuna çəkdiyi xərclə dördnəfərlik bir ailənin ən azı iyirmi gün ərzində bir kənddəki bütün xərclərini ödəyəcək istirahət proqramı təşkil etmək mümkündür. Turizmin bu növü turistlərin xərclərinə qənaətdən əlavə, onun təşkilatçıları olan kənd əhalisinin gəlir mənbəyidir. Kəndlinin öz evinin, yaxud həyətinin müəyyən bir hissəsini kirayə verməsi, turistləri gündəlik qida məhsulları ilə təmin etməsi yaxşı gəlir gətirir. Bu gün kəndlərimizdə sürətlə yenilənən infrastruktur şəraiti, əhali gəlirlərinin artması ilə onların mənzil-məişət şəraitinin yaxşılaşması da burada müsbət faktorlardandır. Şübhəsiz, şəhərli turistlər üçün kəndin ekzotikası, burada onlar üçün qeyri-adi olan cazibədar kənd mənzərələri, maraqlı adət-ənənələr, ekoloji təmiz və unikal menyu ilə hazırlanan mətbəx nümunələri əsas motiv olsa da, müasir standartlara uyğun yerləşmə şəraiti də mühüm şərtlərdən sayılır. Başqa sözlə, şəhərli turistlər üçün yaşıllıq içərisində olan kənd həyatında çox maraqlı cazibə elementləri vardır.

Ardını oxu...

Naxçıvana gələn turistlərin sayı artıb

Naxçıvanın zəngin turizm ehtiyatlarından istifadə edərək mənalı istirahət arzusunda olan və bunu reallığa çevirən turistlərin sayı ildən-ilə artmaqdadır. Builki yay turizm mövsümünü də bu mənada uğurlu saymaq olar. Belə ki, 2017-ci ilin yanvar-iyul ayları ərzində muxtar respublikamızda müxtəlif turizm marşrutları üzrə səyahət edən turistlərin sayında artım olmuşdur. Əldə olunmuş statistik məlumatlara əsasən, bu müddətdə muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 224 min 936 nəfər turist gəlmişdir ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricidən 4 faiz və ya 8652 nəfər çoxdur. Muxtar respublikaya gələn turistlər, əsasən, müalicə, dini ziyarət, tanışlıq, işgüzar görüşlər, elmi, tranzit, dağ, ekoturizm, kənd yaşıl turizm növləri üzrə səyahət edirlər.

Ardını oxu...

Naxçıvan Turizm İnformasiya Mərkəzi muxtar respublikanın turizm potensialının təbliği istiqamətində ardıcıl işlər görür

Bu gün sosial-iqtisadi inkişafın sürətlənməsində mühüm rol oynayan turizm fəaliyyətinin genişləndirilməsi istiqamətində Naxçıvanda kompleks tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 15 may tarixli Fərmanı ilə Naxçıvan Turizm İnformasiya Mərkəzinin yaradılmasında məqsəd də muxtar respublikanın turizm potensialının təbliğində görülən işlərin daha da sürətləndirilməsidir.

Mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri də bu mədəniyyət müəssisəsinə müraciət edən yerli və xarici vətəndaşların məlumatlandırılmasıdır. Bununla birlikdə mərkəz digər vəzifələri də yerinə yetirir. Belə ki, muxtar respublikanın turizm potensialını özündə əks etdirən əyani vəsaitlərin hazırlanması və onların dərc olunması, Turizm Məlumat Bankının formalaşdırılması və serverinin texniki cəhətdən təmin olunması, internet resurslarından istifadə edilməklə muxtar respublikanın turizm potensialının təbliği, ölkə ərazisində fəaliyyət göstərən digər turizm informasiya mərkəzləri ilə əlaqələrin yaradılması və informasiya mübadiləsi aparılması qarşıya qoyulan vəzifələrdəndir. Mərkəzin internet səhifəsində muxtar respublikamızda turizm sahəsindəki yeniliklər öz əksini tapır, bura müraciət edənlərə otellər, restoranlar, muzeylər, mağazalar, kirayə verilən evlər, tarix-mədəniyyət abidələri, tur firmalar, bələdçilər və sair haqqında ətraflı məlumatlar verilir.

Ardını oxu...

Naxçıvan – Azərbaycan mədəniyyətinin paytaxtı

Amerika Birləşmiş Ştatlarının Massachusetts ştatının Boston şəhərində yerləşən, mədəniyyətlər və xalqlar arasında güclü əlaqələr qurmaq naminə fəaliyyət göstərən “Vahid Planet” (www.unitedplanet.org) beynəlxalq qeyri-kommersiya təşkilatının təsisçisi və prezidenti David Santulli bu il avqustun 11-də övladları ilə birlikdə Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur. O, ölkəsinə qayıtdıqdan sonra “Naxçıvan – Azərbaycan mədəniyyətinin paytaxtı” sərlövhəli məqalə yazaraq rəhbərlik etdiyi təşkilatın unitedplanet.org internet saytında yerləşdirmişdir. Həmin məqaləni oxuculara təqdim edirik. 

Mədəniyyətlər və xalqlar arasında güclü əlaqələr qurmaq naminə fəaliyyət göstərən və Amerika Birləşmiş Ştatlarının Boston şəhərində yerləşən “Vahid Planet” (www.unitedplanet.org) beynəlxalq qeyri-kommersiya təşkilatının təsisçisi və prezidenti kimi mənim həm peşəkar, həm də ailəmlə birlikdə dünyanı gəzmək imkanım oldu. 

Bu yaxınlarda mən övladlarım Troy və Tristan ilə birlikdə “Natig Travel” turizm şirkətinin dəstəyi ilə Naxçıvana səfər etdik və bundan çox məmnun olduq. Belə ki, səfər etdiyimiz ən möhtəşəm yerlərdən biri olan Naxçıvan təbii gözəllikləri, qədim tarixi və qonaqpərvər insanları ilə zəngin diyardır. Türkiyə, İran və Ermənistan arasında yerləşən Naxçıvan nəinki Azərbaycanın, ümumilikdə bütün Asiyanın mədəniyyət paytaxtıdır. Azərbaycan Respublikasına səfəri Naxçıvana səyahət etmədən tamamlanmış hesab etmək olmaz. Naxçıvan həmçinin Nuh Peyğəmbərin vətəni kimi tanınır. Rəvayətə görə Nuh Peyğəmbərin gəmisi dünya daşqını zamanı üzərək ərazidəki möhtəşəm Haçadağa dəyib. Yerli əhali həmçinin iddia edir ki, burada olan duz şaxtaları da ərazinin su altında qaldığını təsdiq edir.

Ardını oxu...

Milli mətbəx nümunələrimizi təbliğ edən ictimai iaşə obyekti

Hər bir insan gündəlik iş rejimindən artıq qalan və istirahət günlərindəki boş vaxtını övladlarıyla, ailəsiylə keçirmək üçün müxtəlif məkanlara üz tutur. Bu gün Naxçıvan şəhərində bir neçə nümunəvi istirahət məkanı, ictimai iaşə obyekti mövcuddur. Bu məkanlar içərisində Atabəylər məhəlləsində yerləşən “Nuh yurdu” restoranının öz yeri vardır. 

Xüsusi layihə əsasında dizayn edilmiş restoran istər şəhərimizin mənzərəsinə verdiyi gözəl töhfələrlə, istərsə də bir-birindən dadlı milli yemək növləri ilə qısa zaman ərzində ailələr üçün sevimli istirahət məkanına çevrilib. “Nuh yurdu” restoranı çox mənzərəli və zövqlə inşa olunub. Burada şəhər sakinlərinin, eləcə də muxtar respublikamıza gələn qonaqların istirahəti üçün hər cür şərait yaradılmaqla bərabər, milli mətbəx nümunələrimiz də tanıdılır. 

Qeyd edək ki, ümumi ərazisi 8624 kvadratmetr olan “Nuh yurdu” restoranı gölətrafı kafedən, müxtəlif quruluşa, dizayna malik iki və üçmərtəbəli restoran binalarından və Nuhun gəmisini xatırladan gəmi maketli kafe-restorandan ibarətdir.

Ardını oxu...

01070360
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
4
113
4443
10563
1070360

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: