Naxçıvan Muxtar Respublikasının turizm potensialı, zəngin tarixi-mədəni irsi, müasir inkişafı haqqında məlumatların yayılması və təbliği məqsədilə Böyük Britaniyada fəaliyyət göstərən nüfuzlu “Regent Holidays” turizm şirkətinin 2020-ci il üçün hazırladığı yeni turizm broşuruna Naxçıvan Muxtar Respublikasına turlar da daxil edilmişdir. “Regent Holidays” turizm şirkəti tərəfindən nəşr olunan broşur Böyük Britaniyada fəaliyyət göstərən biznes mərkəzləri, turizm sərgiləri, qəzet köşkləri, alış-veriş mərkəzləri, restoranlar və turistlərin daha çox olduğu ərazilərə paylanır.
Broşurda Naxçıvan Muxtar Respublikasına 2020-ci ilin may ayında təklif olunan 3 günlük tur proqramından xüsusi bəhs olunmuş və Naxçıvan barədə aşağıdakı qeydlər yer almışdır: “Adi turistik ərazilərdən fərqli olaraq kiçik qrup turu ilə Azərbaycanın zəngin tarixi və mədəniyyətini tədqiq edin. Neftlə məşhur şəhəri və tarixi qalaları olan fərqli bir ölkəni kəşf edin. Tur proqramında diqqəti çəkən ən maraqlı məqam Naxçıvan Muxtar Respublikasında üç gün qalmaqdır. Azərbaycanın ayrılmaz parçası olan bu diyara turist səfərləri təşkil olunur. Biz də turistləri bu qədim diyarla tanış etmək məqsədilə turlar təşkil etmişik. Əminik ki, turistlər Naxçıvan turundan məmnun qalacaqlar”.
Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən 2019-cu ilin noyabr ayında turizmin inkişafı istiqamətində bir sıra işlər görülmüşdür. Belə ki, ötən ay Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin Turizm və otelçilik ixtisası üzrə IV kurs tələbələrinin 2019-2020-ci tədris ilinin payız semestrində keçəcəkləri istehsalat təcrübəsinə həsr olunmuş başlanğıc konfransı təşkil edilmiş, tələbələrin muxtar respublikada fəaliyyət göstərən mehmanxanalarda təcrübə keçmələri təmin olunmuşdur. Həmçinin taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə “Turizmin inkişafında taksi fəaliyyətinin rolu” mövzusunda görüş olmuş, onlara muxtar respublikanın turizm potensialını və müxtəlif istiqamətli turist marşrutlarını əks etdirən bukletlər paylanmışdır.
Ötən ay Naxçıvan Turizm İnformasiya Mərkəzində təbliğat sahəsində fəaliyyət gücləndirilmiş, mərkəzə müraciət edən turistlərin sorğuları aidiyyəti üzrə cavablandırılmışdır. Mərkəzin sosial şəbəkələrdəki səhifə və qruplarına muxtar respublikanın tanıdılması məqsədilə məlumatlar mütəmadi daxil edilmişdir. Eləcə də Naxçıvan Muxtar Respublikasının turizm potensialı, türk-islam mədəniyyəti abidələri haqqında məlumatlar turizm informasiya mərkəzlərinə, Azərbaycanda və 20-yə yaxın xarici ölkədə fəaliyyət göstərən turoperatorlara, mehmanxanaların elektron poçt ünvanlarına göndərilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin hamiliyinə verilmiş Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisasları üzrə IV kurs tələbələri üçün 13 noyabr 2019-cu il tarixdən etibarən mehmanxanalarda, muzeylərdə və turoperatorlarda təşkil edilmiş istehsalat təcrübəsi təşkil olunur. 27 dekabr 2019-cu il tarixədək davam edəcək təcrübənin qrafikinə əsasən 25 dekabr 2019-cu il tarixdə tələbələr “Qafqaz Turizm” MMC-də olmuş və turoperatorun iş prosesi ilə yaxından tanış olmuşlar.
Qeyd olunmuşdur ki, turoperator turların komplektləşdirilməsi, turizm məhsulunun formalaşdırılması, hərəkətə gətirilməsi və satışı ilə məşğul olan turizm təşkilatıdır. Turoperator turizm məhsulunun hərəkətə gətirilməsi və satışı zamanı, vasitəçi kimi turagent fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxslərdən də istifadə edə bilər.
Böyük Britaniya vətəndaşı Mark Elliot 2019-cu ilin iyun ayında muxtar respublikada səfərdə olan və Naxçıvan barədə nüfuzlu “Experience Azerbaijan” jurnalında məqaləsi dərc olunub. Həmin məqaləni təqdim edirik.
Nuh Peyğəmbərin məzarı və “Avrasiyanın Maçu Piçusu” Naxçıvandadır. Çox güman ki, bu ərazi barədə eşitməmisiniz. Mədəni və siyasi baxımdan Azərbaycan Respublikasının bir hissəsi olmasına baxmayaraq, coğrafi baxımdan Azərbaycandan ayrı düşmüşdür. Bura eksklavlara və fərqli məkanlara səfər etməkdən zövq alanlar üçün ziyarət həyəcanı təqdim edir.
Azərbaycanın miniatürü kimi, Naxçıvan balaca bir ərazidə olduqca geniş, müxtəlif mənzərələr və adət-ənənələrə malikdir. Batabat ərazisində otla örtülmüş dağlar və göllər, Biçənək ətrafındakı meşəliklər, Haçadağın dramatik qayalıqları və Araz vadisinin cəlbedici yarımsəhra mənzərəsi paytaxt Naxçıvan şəhərindən bir-iki saatlıq məsafədə yerləşir.
Çox cazibədar olmasına baxmayaraq, Naxçıvan ötən əsrdə çoxlu sayda ziyarətçilərin diqqətindən kənarda qalmışdır. Belə ki, bu diyar ticarət baxımından Avrasiyanın əfsanəvi İpək Yolunun bir parçası olmuş, Birinci Dünya müharibəsindən sonra muxtariyyətə çevrilmişdir. Ərazi həssas mövqedə yerləşdiyindən Sovet dövründə əcnəbi turistlər üçün bağlı saxlanılmışdır.
17 dekabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən Təbriz Mehmanxanasında Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələri üçün “Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarların tətbiq edilməsi” mövzusunda seminar və praktik məşğələ keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına uyğun olaraq keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun aparıcı məsləhətçisi Süleyman Rüstəmov çıxış edərək bildirmişdir ki, müstəqilliyimizin bərpasından sonra muxtar respublikamızda müasir infrasrukturun yaradılması turizmin inkişafına əlverişli şərait yaratmışdır. Artıq müasir Naxçıvanın öz qonaqlarını yeni dövrün tələblərinə uyğun fəaliyyət göstərən mehmanxanalarda qarşıladığını bildirən məruzəçi muxtar respublikamızda mehmanxana şəbəkəsinin genişlənməsinin xüsusi əhəmiyyətə malik olduğunu vurğulamışdır.
5 dekabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələr üçün “Ekskursiya işinin təşkili” mövzusunda seminar və praktik məşğələ keçirilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun aparıcı məsləhətçisi Süleyman Rüstəmov çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin hamiliyinə verilmiş Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələrinin iştirakı ilə müxtəlif formatlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu gün keçirilən seminar və praktik məşğələ də həmin tədbirlərin davamıdır.