Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin hamiliyinə verilmiş “Naxçıvan” Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə IV kurs tələbələrinin istehsalat təcrübəsinə start verilmişdir. Qrafikə uyğun olaraq 12 noyabr 2021-ci il tarixdən başlayan təcrübədə tələbələr ilk öncə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində olmuş və Departamentin fəaliyyəti ilə yaxından tanış olmuşlar. Onlara “Turizmin inkişafı və təbliği”, “Statistika və sertfikatlaşdırma” və həmçinin “Maliyyə-təsərrüfat və ümumi işlər” sektorlarının iş prinsipləri haqqında məlumatlar verilmiş iş otaqlarında gedən işlərlə əyani şəkildə tanış olmaları təşkil olunmuşdur. Tərtib olunmuş qrafikə əsasən tələbələrin keçdikləri istehsalat təcrübəsi Departamentin tabeliyində fəaliyyət göstərən təşkilatlarda davam etmişdir. Belə ki, tələbələr 18 noyabr 2021-ci il tarixdə Naxçıvan Turizm İnformasiya Mərkəzində olmuş, buranın iş prinsipi ilə yaxından tanış olmuşlar. Mərkəzdə tələbələrə binanın tarixi haqqında geniş məlumat verilmiş, bildirilmişdir ki, Mərkəz 2012-ci ildən fəaliyyətini XVII-XVIII əsrlərə aid tarixi memarlıq abidəsi olan Zaviyə-Mədrəsə binasında davam etdirir. Qeyd edilmişdir ki, Naxçıvan Turizm İnformasiya Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biri mərkəzə müraciət edən yerli və xarici vətəndaşların məlumatlandırılmasıdır. Mərkəzə müraciət edənlər hotellər, restoranlar, muzeylər, mağazalar, hostellər və kirayə verilən evlər, tarixi mədəniyyət abidələri, turoperatorlar, bələdçilər haqqında məlumat əldə edə bilərlər. Həmçinin tələbələrə Mərkəz tərəfindən hazırlanmış muxtar respublikanın turizm potensialını əks etdirən reklam-informasiya vasitələri, Mərkəzin sosial şəbəkələrdəki səhifə və qrupları haqqında geniş məlumat verilmiş və əyani şəkildə göstərilmişdir.
Xəbər verdiyimiz kimi, 17 noyabrdan etibarən yerli blogerlərin muxtar respublikaya səfəri təşkil olunub. Noyabrın 18-də isə qonaqlar ilk olaraq “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi və Qarabağlar Türbə Kopmpleksi ilə yaxından tanış olublar. Axşam isə Saat Meydanında təşkil olunan konsert proqramı onlarda xoş təəssürat yaradıb. Səfər zamanı biz də qonaqlarımızı müşayiət etdik və təəssüratlarını öyrəndik.
Aynişan Quliyeva – müğənni, bloger: – İlk olaraq onu deyim ki, Naxçıvana ilk səfərim bu qədim diyar barədə yaddaşımda dərin təəssüratlar yaratdı. Gözəl təbiəti, təmiz havası, qonaqpərvər insanları... Hazırda Qarabağlar türbəsindəyik, bura çox ecazkardır. Naxçıvanın digər tarixi abidələri kimi, bu türbə də məni yeri, memarlıq üslubu, inşasına sərf olunmuş materialların orijinallığı və digər bənzərsizlikləri ilə heyran etdi. Xüsusilə kompleksin xanəgah hissəsində yerləşən eksponatlar böyük marağıma səbəb oldu. Xalqımızın tarixini, adət-ənənələrini, məişətini özündə əks etdirən saxsı və mis qablar, daş dəstər və həvəngdəstələr, eyni zamanda toxuculuq nümunələri – xalqımızın məişət mədəniyyəti haqqında məlumatlar bizdə keçmişimizlə bağlı dolğun təəssürat yaratdı.
Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və “Nəqşicahan” Holdinq Şirkətlər Qrupunun dəstəyi, “YUGEN” Yaradıcılıq Agentliyinin təşkilatçılığı ilə 17-21 noyabr tarixlərdə yerli blogerlərin muxtar respublikaya səfəri təşkil olunub. Səfərin ilk günü ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib. Daha sonra Heydər Əliyev Muzeyi, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlıq olub. Biz də bu səfərin məqsədini və səfərlə bağlı təəssüratları öyrəndik.
Ədnan Hüseyn: “YUGEN”in rəhbəri – Bu, Naxçıvan Muxtar Respublikasına ikinci gəlişimdir. Birinci gəlişim bu il iyul ayında “Zəfər Düşərgəsi” ilə olub. Bu dəfə də “YUGEN”in (Rəqəmsal, marketinq və tədbirlərin təşkili şirkəti) təşkilatçılığı Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və “Nəqşicahan” Holdinq Şirkətlər Qrupunun dəstəyi ilə “re: Azerbaijan” layihəsi üzrə buraya gəlmişik. Birinci səfər vaxtı mən təklif etdim ki, biz gərək Naxçıvanın təbliğinə daha çox fikir verək. Bakıya dönəndə layihə üzərində işləməyə başladıq. Layihəni hazırlayandan sonra qonaqları cəlb etdik. Hər biri də böyük həvəslə, maraqla yanaşdılar. Bu adıçəkilən layihənin birinci turu da məhz Naxçıvan şəhərinə təşkil edildi. Turda 30-a yaxın yerli bloger, influencerlər iştirak edirlər. İlk olaraq Naxçıvanın seçilməsi də təsadüfi deyil. Bu diyarın qədim və zəngin tarixi, coğrafi mənzərələri, nəqliyyat baxımından rahatlığı bizi buraya gətirdi. Turun əsas məqsədi ondan ibarətdir ki, burada iştirak edənlər öz sosial şəbəkə hesabları üzərindən Naxçıvanı təbliğ etsinlər, tanıtsınlar. Azərbaycanımızın bu günə kimi görünməyən, lakin maraqlı məkanlarını göstərək. Həm soydaşlarımızın, həm xarici vətəndaşların diqqətini cəlb edək ki, Azərbaycanda turizmin inkişafına da öz töhfəmizi verə bilək. Ölkəmizin hər bir yeri tarixi, mədəniyyəti, ənənələri ilə çox zəngindir. Ümid edirik ki, yaxın zamanda azad olunmuş torpaqlarımızda da bu turları keçirəcəyik, xarici blogerləri, tanınmış simaları qonaq edərək bütün dünyaya Azərbaycanın gözəlliklərini bir daha göstərəcəyik.
15 noyabr 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən Naxçıvan Dövlət Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələri üçün “Turist marşrutlarına tələblər və marşrutun hazırlanma qaydaları” mövzusunda seminar keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Əşrəf Ələkbərov bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin “Turizm və otelçilik” ixtisası Turizm Departamentinin hamiliyinə verilmişdir. Bu Sərəncamın icrası ilə əlaqədar olaraq tələbələrin peşə hazırlığının yüksəldilməsi məqsədilə Departament tərəfindən mütəmadi olaraq universitetimizdə müxtəlif formatlı tədbirlər keçirilir, müəyyən edilmiş vaxtlarda tələbələrin istehsalat təcrübəsi keçmələri təmin olunur, müxtəlif turizm məkanlarına ekskursiyaları təşkil edilir. İnanırıq ki keçirilən bu cür tədbirlər gələcəkdə kadrların daha peşəkar səviyyədə formalaşmasına öz müsbət təsirini göstərəcəkdir.
12 noyabr 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində “Naxçıvan” Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan IV kurs tələbələri üçün 2020-2021-ci tədris ilinin payız semestrində keçəcəkləri istehsalat təcrübəsinə həsr olunmuş başlanğıc konfransı keçirilmişdir.
Konfransı giriş sözü ilə Departamentin Direktoru Əkbər Novruzov açaraq istehsalat təcrübəsinin tələbələr üçün əhəmiyyətindən danışmış, bildirmişdir ki, ali məktəb tələbələrinin tədris prosesinin vacib istiqamətlərindən biri istehsalat təcrübəsidir. Bu təcrübələrin əsas məqsədi tələbələrin ilboyu auditoriyalarda əldə etdiyi nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən öyrənilməsi, onların peşəkar kadr kimi yetişməsindən ibarətdir.
Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında" 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisasları Departamentə hamiliyə verilmişdir. Sərəncamın icrası ilə əlaqədar mütəmadi olaraq tələbələrlə görüşlər, müxtəlif mövzularda seminar və konfranslar keçirilir, onların daim ekskursiyalarda iştirakı təşkil olunur.
Naxçıvan deyəndə öncə ağıla təmiz bir şəhər gəlir. Abad küçələr, hamar yollar, gül-çiçəkli bağlar, parklar və s. Bu, artıq illərdir ki, Naxçıvana gələn istər turist, istərsə də media nümayəndələrinin etiraf etdiyi reallıqdır. Bir şəhərin, bölgənin tanıdılmasında təmizlik və yaşıllıq mühüm rol oynayır. Ələlxüsus da turizmdə hər şey kiçik detaldan başlayır. Əslində kiçik detal dediyimiz də insan sağlamlığı və zövqü üçün önəmlidir, o da hələ ola pandemiyanın bitmədiyi bir zamanda.
Naxçıvan media-tur iştirakçılarının gözü ilə
Azərbaycan Dövlət Turizm Agentliyi Naxçıvan Muxtar Respublikası Turizm Departamenti ilə birgə hazırladığı turizmin inkişafı istiqamətində 2020-2023-cü illəri əhatə edən proqram çərçivəsində agentliyin, turizm bürosunun əməkdaşları və media nümayəndələrinin iştirakı ilə muxtar respublikamıza 21-22 oktyabr tarixlərində media-tur təşkil edildi. Media-tur iştirakçılarının da ilk vurğuladığı bu şəhərin təmizliyi haqqında yüksək fikirlər oldu. Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmidin hələ ilk gündən aldığı təəssüratda bu fikirlər daha aydın özünü büruzə verir: "Naxçıvan turizm potensialında mühüm əhəmiyyəti ilə seçilən yerlərdən biridir. Burada yaradılmış infrastruktur imkan verir ki, muxtar respublikaya üz tutan turistlərin sayı daha da çox olsun. Qeyd edim ki, qısa bir zamanda burada olmağıma baxmayaraq, hiss etdim ki, bu diyarın bənzərini heç yerdə görməmişəm. Baxmayaraq ki, mən çox ölkələrə səyahət etmişəm. Naxçıvanın yaşıllığı, təmizliyi, abadlığı və səliqə-sahmanı insanı məftun edir. Mənə təsir edən əsas nüanslardan biri də Naxçıvanın landşaftı və əlbəttə ki, bu dəqiqə ən çox ehtiyacımız olan təmiz havası oldu".