19 aprel 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən Naxçıvan Dövlət Universitetinin “Texnologiya müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələrinin “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi və “Milli Yeməklər” ictimai iaşə MMC-nin fəaliyyəti ilə tanışlığı təşkil olunmuşdur.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin statistika və sertfikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov çıxış edərək tələbələrə “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi və “Milli Yeməklər” ictimai iaşə MMC-nin yerləşdiyi Naxçıvan şəhər buzxanası haqqında məlumat vermişdir. Məruzəçi bildirmişdir ki, yüksək memarlıq həllinə görə binanın Naxçıvan memarlıq məktəbinin inkişaf etdiyi XII-XIV əsrlərdə tikildiyi ehtimal olunur. Naxçıvan şəhər buzxanasının plan quruluşu düzbucaqlı formadadır. Uzunluğu 20, eni isə 9 metr olan bu bina ilk baxışdan birmərtəbəli binanı xatırlatsa da, ümumi hündürlüyü 9,6 metrdir. Divarlarının qalınlığı 1 metr olan abidə memarlıq quruluşu saxlanılmaqla bərpa olunmuşdur. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 9 aprel tarixli Sərəncamına əsasən “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi yaradılmışdır. Xalq yaradıcılığının ən qədim sahələrindən olan kulinariya mədəniyyətinin qorunması, sistemli şəkildə öyrənilməsi, inkişaf etdirilməsi və təbliği “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.
Qarşınızda bir kitab var. İlk səhifədən sizi özünə bağlayacaq bu kitab dünyanın ən qədim, ən gözəl və ən cazibədar bir diyarından – Naxçıvandan danışır. Fotoların dili ilə həmsöhbət olduqca kitabda bir-birindən maraqlı hekayələrlə tanış olacaqsınız. Zəngəzurdan Xan Araza, Sədərəkdən Ordubada qədər səyahətə çıxdığınız zaman sirli-sözlü dağların bitib-tükənməyən gözəllikləri, bu torpaqlarda əbədi məskən salmış qalaların əzəməti, xalı naxışlı çəmənlərin qovuşan rəngləri və çılpaq qayaların sərt sıldırımları bu hekayələrin romantik qəhrəmanları kimi Naxçıvanın dörd fəslinə bələdçilik edəcək.
Bir səyyah nəzərində Naxçıvanın çox qeyri-adi görüntülərini tuta bilmək üçün bir cüt göz yetməz. Ağ topa buludlar arasında Günəşlə qucaqlaşan masmavi səmanın hərarətini, Batabatın yamyaşıl sonsuzluğunda nazlanan çəmən mehinin sərinliyini, Əlincənin yorğun yoxuşlarında qanad çalan qartalların cəsarətini, Gəmiqayadan Ağrıyadək uzanan möhtəşəm panoramın genişliyini duya bilmək üçün həssas qəlbli şair, incə ruhlu rəssam və duyğusal bir fotoqraf olmaq gərəkir. Naxçıvan təbiətinin zəngin harmoniyasını, rənglərin kontrastları ilə dolu bütövlüyünü və insan əli möcüzələrini özündə əks etdirən belə dəyərli işlərdən biri də peşəkar fotoqraf Hüseyin Bağırovun böyük zəhmət hesabına ərsəyə gətirdiyi “Naxçıvan – dörd fəsil” adlı mətnli fotoalbomudur.
Son illərdə Naxçıvanın artan turizm potensialına çox mühüm töhfə olacaq bu kitabın dünya turistlərinin qədim diyara olan marağının daha da genişləndirilməsində xüsusi əhəmiyyəti vardır. Belə ki, kütləvi tirajla, yüksək poliqrafik keyfiyyətdə çap olunmuş kitabda Azərbaycan və ingilis dillərində təqdim olunan unikal fotoşəkillərin qısa məzmunu da verilmişdir ki, bu da Naxçıvanın təbii və tarixi-mədəni zənginlikləri haqqında real təsəvvürlər yaradır. Akademik İsa Həbibbəylinin ön söz müəllifi olduğu kitab, bu mənada, Naxçıvanda yaşanan dörd fəslin özünəməxsus bənzərliklərini fotoların dili ilə açmaqda ən yaxın bələdçidir. Kitab Emin İsmayılovun dizayner məharəti və Laura Quliyevanın işləmiş olduğu mətnlərin dolğunluğu ilə daha dərin məna qazanaraq onunla tanış olanlarda zəngin təəssürat formalaşdırır.
13 aprel 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində “Naxçıvan” Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan III kurs tələbələri üçün 2020-2021-ci tədris ilinin yaz semestrində keçəcəkləri istehsalat təcrübəsinə həsr olunmuş başlanğıc konfransı keçirilmişdir.
Konfransı giriş sözü ilə Departamentin Direktoru Əkbər Novruzov açaraq istehsalat təcrübəsinin tələbələr üçün əhəmiyyətindən danışmış, bildirmiş ki, ali məktəb tələbələrinin tədris prosesinin vacib istiqamətlərindən biri istehsalat təcrübəsidir. Bu təcrübələrin əsas məqsədi tələbələrin ilboyu auditoriyalarda əldə etdiyi nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən öyrənilməsi, onların peşəkar kadr kimi yetişməsindən ibarətdir.
Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında" 2019-cu il 3 aprel tarixli sərəncamı ilə Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisasları Departamentə hamiliyə verilmişdir. Sərəncamın icrası ilə əlaqədar mütəmadi olaraq tələbələrlə görüşlər, müxtəlif mövzularda seminar və konfranslar keçirilir, onların daim ekskursiyalarda iştirakı təşkil olunur.
Aprelin 8-də “Saat Meydanı” turistik istirahət mərkəzində Azərbaycan və ingilis dillərində nəşr olunan “Naxçıvan: dörd fəsildə” kitabının təqdimat mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli kitabın müəllifinə və nəşrində əməyi keçənlərə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəkkürünü çatdırıb.
Qeyd olunub ki, Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir, sosial-iqtisadi, siyasi və mədəni həyatın bütün sahələrində uğurlar qazanılır. Muxtar respublikada aparılan geniş quruculuq işləri və yaradılan müasir infrastruktur yaradıcı insanlar üçün geniş mövzu seçimidir. Müstəqilliyin ilk illərində Naxçıvanla bağlı məlumat toplamaq istədikdə, məhdud sayda ədəbiyyat və kitablara müraciət olunurdu. Lakin müstəqillik illərində Naxçıvanın tarixi, mədəniyyəti, təbiəti, bu ərazidə min illər ərzində xalqımızın formalaşmış milli dəyərlər və adət-ənənələr sistemi geniş öyrənilib, beynəlxalq simpozium və konfranslar keçirilib, nəticədə Naxçıvanşünaslıq mühüm elmi istiqamət kimi müəyyənləşdirilib, minlərlə sanballı kitab və ensiklopediyalar nəşr olunub, tədqiqat əsərləri yazılıb. Nəşr olunan kitablar tariximizi, milli dəyərlərimizi və Naxçıvanın müasir inkişafını öyrənmək üçün dəyərli elmi mənbələr olmaqla yanaşı, həm də muxtar respublikanın kompleks şəkildə tanıdılması və təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
30 mart 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti və “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının turizm potensialının təbliğində gənclərin rolu” mövzusunda tədbir keçirilmişdir. Ağbulaq Xizək Mərkəzində keçirilən tədbirdə Naxçıvan Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələri iştirak etmişdir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov tədbir iştirakçılarına muxtar respublikanın turizm potensialı haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə son illər qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, həyata keçirilən abadlıq-quruculuq işləri turizmin inkişafına təkan vermiş, muxtar respublikaya gələn turistlərin sayı ilbəil artmışdır. Bu gün muxtar respublikanın ən ucqar dağ kəndlərinə belə, rahat asfalt yollar salınmış, su xətləri çəkilmiş, müasir infrastruktur obyektləri tikilmiş, fasiləsiz təbii qaz, elektrik enerjisi, rabitə xidməti və sürətli internet şəbəkəsi istifadəyə verilmişdir. 2016-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişafı ilə bağlı müşavirənin keçirilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamına əsasən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması turizmin inkişafında yeni mərhələnin əsasını qoymuşdur.
27 mart 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin kollektivi "Muzey günləri" çərçivəsində Heydər Əliyev Muzeyini ziyarət edib.
Məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli Sərəncamı ilə yaradılmış, 1999-cu il mayın 10-dan fəaliyyət göstərmişdir. Muzeydə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid sənəd və materiallar, imzaladığı məktub, qərar və sərəncamlar, nümayiş olunur.
Bundan əlavə ulu öndər Heydər Əliyevə müxtəlif illərdə təqdim olunan dövlət təltiflərinin surətləri, ulu öndərin 80, 85 və 90 illik yubileyləri şərəfinə buraxılmış marka və medallar, xatirə əşyaları muzeyin eksponatları içərisindədir. 1990-cı il noyabrın 17-də Naxçıvanda qəbul edilən dövlət bayrağı da muzeydə saxlanılır. Muzeyin kitabxanasında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar, film və qəzet materialları sərgilənir.