"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Turizmin yeni carçısı – idman turizmi

Dövrümüzdə dinamik şəkildə aktivləşən və beynəlxalq iqtisadiyyata inteqrasiya edən turizm sisteminin qurulması Azərbaycanda sosial həyatın başlıca məsələlərindən biridir. Müasir dövrdə dünyada bir sıra ölkələr iqtisadiyyatlarını gücləndirmək, davamlı inkişafa nail olmaq üçün turizmin müxtəlif sahələrindən istifadə edirlər. Hazırda idman iqtisadiyyatın əsas gəlir gətirən sahələrindən biri hesab edildiyindən idman turizminə də xeyli üstünlük verilir. İqtisadiyyatın “gənc sahəsi” olan idman turizmi önəmli bir qeyri-neft sektorudur. Müasirləşmə və əhəmiyyətli dəyişikliklər idman sektorunda da müəyyən yeniliklərin ortaya çıxmasına zəmin yaradıb.

İdman turizmi və növləri

Qısa olaraq idman turizmi barədə: Müasir dövrümüzdə idmana marağın artmasına səbəb onun azad rəqabət, mübarizə şəraitində həyata keçirilməsi, eyni zamanda bu sahənin “sülhün carçısı” adlandırılmasıdır. İdman sayəsində dövlətlər, xalqlar arasında münasibətlərin yaxşılaşması ilə ölkədən-ölkəyə səfər edənlərin də sayı artıb. Bu da idman turizmi anlayışını gündəmə gətirib.

Ardını oxu...

Turizmin inkişafına dövlət dəstəyi göstərilir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə qəbul olunmuş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı” bu sahədə yeni mərhələnin əsasını qoymuşdur.

2019-cu ildə muxtar respublikanın turizm potensialı ilə bağlı məlumatların sosial şəbəkələrdə yerləşdirilməsi və onların daim yenilənməsi sahəsində işlər davam etdirilmişdir. Ötən il İqtisadiyyat Nazirliyi tərəfindən muxtar respublikada yeni fəaliyyətə başlayan sahibkarlar üçün maarifləndirici kurslar təşkil olunmuş, 50 sənətkarın muxtar respublikanın tarixi-memarlıq abidələrini və milli ornamentləri özündə əks etdirən 338 əl işi Naxçıvan Biznes Mərkəzinin satış obyektlərinə göndərilmiş və onlardan 308-nin satışı həyata keçirilmişdir. Bununla yanaşı, Xalq Yaradıcılığı Emalatxanasında və Cəlilkənd buzxanasında xalçatoxuma, misgərlik, Yengicə kəndindəki Şərq hamamında sənətkarlıq və xidmət sahələrinin yaradılması təmin edilmişdir. Cəlilkənd buzxanasında il ərzində 44 xalça toxunmuşdur. 2019-cu ildə keçirilmiş 31 beynəlxalq tədbirdə muxtar respublikadan 115 sahibkarlıq subyektinin 122 nümayəndəsinin iştirakı təmin edilmişdir.

Ardını oxu...

“Peşəkar ofisiant” startap layihəsi üzrə növbəti təlim keçirilib

17 yanvar 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində “Peşəkar ofisiant” startap layihəsi çərçivəsində tərtib olunmuş qrafikə əsasən “Qonaqların qarşılanması və yola salınması” mövzusunda növbəti təlim keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Həsən Kərimov təlimin mövzusu haqqında ətraflı məlumat verərək bildirmişdir ki, ictimai-iaşə obyektlərində qonaqların qarşılanması və yola salınması sahəsində qazanılmış müsbət təcrübənin tətbiqi müəssisənin kəmiyyət və keyfiyyət göstəricilərinə müsbət təsir göstərir. İstehlakçılar keyfiyyətli xidmətə həssaslıqla yanaşırlar və qonaqlarla birbaşa ünsiyyətdə olan ofisiantlar bu məsələdə xüsusilə diqqətli olmalıdırlar. Ciddi, səliqəli, təmkinli və bacarıqlı ofisianta müştərilər həmişə inam, etibar və rəğbətlə yanaşır, bu da öz növbəsində həmin müəssisəyə populyarlıq qazandırır.

Qeyd olunmuşdur ki, istehlakçıların inam və rəğbətini qazanmaq xidmət personalının əsas vəzifələrindəndir. Bu mənada, restoran və bar işçilərinin, bilavasitə metrdotel, ofisiant və barmenlərin peşəkarlıq keyfiyyətlərindən, işə məsuliyyətlə yanaşmasından çox şey asılıdır. Personalın peşəkar hazırlığı, qonaqların arzu və istəklərinə qarşı diqqətli münasibət göstərməsi, xidmət zamanı səliqəli və dürüst davranması keyfiyyətli xidmətin formalaşmasında mühüm rol oynayan faktorlardır.

Ardını oxu...

“Peşəkar ofisiant” startap layihəsinin təqdimatı keçirilib

14 yanvar 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində “Peşəkar ofisiant” startap layihəsinin təqdimatı keçirilmişdir. Tədbiri giriş sözü ilə Departamentin direktoru Əkbər Novruzov açaraq bildirilmişdir ki, “Peşəkar ofisiant” startap layihəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamına əsasən təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq hazırlanmışdır. Layihədə iştirakla əlaqədar elan verilmiş, bir ay müddətində sənəd qəbulu aparılmış və müraciət etmiş 38 nəfər təlimdə iştirak hüququ qazanmışdır.

Qeyd olunmuşdur ki, təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı üçün geniş imkanlar vardır. Muxtar respublikamızın rəngarəng landşaftı, fauna və florası, mineral bulaqları, müalicə mərkəzləri, qədim tarixi, mədəniyyət və təbiət abidələri, mövcud sabitlik, ekoloji cəhətdən təmiz qida məhsulları və müasir infrastruktura malik olan yaşayış məntəqələri burada turizmin bir çox növünün inkişafına zəmin yaradır. 200-dən çox mineral su bulağı, 400-ə qədər böyük və kiçik çayı olan Naxçıvan Muxtar Respublikasında Azərbaycanın nadir fauna və florası məskunlaşmışdır. Ərazidə olan flora və faunanın nadir növləri Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş və xüsusi mühafizəyə alınmışdır. Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı, Şahbuz Dövlət Təbiət Qoruğu, Arazboyu, Ordubad və Arpa­çay Dövlət təbiət yasaqlıqları hesabına xüsusi mühafizə olunan təbiət əraziləri muxtar respublika ərazisinin 28 faizini təşkil edir. Muxtar respublikanın zəngin təbiəti və onun qorunması sahəsində həyata keçirilən tədbirlər turizmin bir çox növünün inkişafına şərait yaratmışdır.

Ardını oxu...

2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr müzakirə edilmişdir

9 yanvar 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində “2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilmişdir. İclası giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov açaraq 2019-cu il ərzində görülmüş işlər və keçirilən tədbirlər haqqında ətraflı məlumat vermişdir.

Qeyd olunmuşdur ki, 23 sentyabr 2019-cu il tarixdən etibarən Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin, “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin və Departamentin nəzdində fəaliyyət göstərən Milli Dəyərlər Muzeyinin tarixi binada fəaliyyəti təmin edilmişdir.

Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası diqqət mərkəzində saxlanılmışdır. Belə ki, sənətkarlıq nümunələrinin təşviqi məqsədilə Naxçıvan Biznes Mərkəzində muxtar respublikada fəaliyyət göstərən sənətkarlarla görüş keçirilmişdir. Bununla yanaşı, 21 noyabr 2019-cu il tarixdə turistlərə xidmət edən nəqliyyat vasitələrində xidmətin keyfiyyətinin yüksəldilməsi üçün taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə “Turizmin inkişafında taksi fəaliyyətinin rolu” mövzusunda seminar keçirilmiş, tədbirin sonunda turistlərə xidmət zamanı istifadə üçün Naxçıvan Muxtar Respublikasının turizm potensialını və müxtəlif istiqamətli turist marşrutlarını əks etdirən bukletlər sürücülərə paylanmışdır. İctimai-iaşə obyektlərində xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə 2019-cu ilin dekabr ayından etibarən Turizm Departamenti tərəfindən hazırlanmış “Peşəkar ofisiant” layihəsi üçün sənəd qəbuluna start verilmişdir.

Ardını oxu...

Tələbələrin istehsalat təcrübəsi başa çatıb

27 dekabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində istehsalat təcrübəsinin yekununa həsr olunmuş “Sosial-iqtisadi inkişafın təmin olunmasında turizmin rolu” mövzusunda konfrans keçirilmişdir. Konfransda Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Həsən Kərimov çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası  Ali  Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisasları Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin hamiliyinə verilmişdir.13 noyabr 2019-cu il tarixdən etibarən “Turizm və otelçilik” ixtisasları üzrə IV kurs tələbələri üçün Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində, eləcə də turoperator və mehmanxanalarda istehsalat təcrübəsi təşkil olunmuşdur. Təcrübə ərzində tələbələr ölkəmizdə, o cümlədən muxtar respublikamızda həyata keçirilən dövlət turizm siyasətinin məqsədi və bu sahədə qazanılmış uğurlar haqqında biliklərə yiyələnmiş, turizm fəaliyyəti ilə məşğul olan obyektlərin çoxşaxəli fəaliyyəti ilə yaxından tanış olmuşlar.

Ardını oxu...

01010239
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
496
520
1016
185797
1010239

Tarix: 23-04-2024
Biz, sosial şəbəkələrdə: