“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində IV “Göycə” festivalı keçirilib.
Festivalın açılışında tədbirin aparıcıları qeyd ediblər ki, qədim Naxçıvan zəngin mədəniyyəti, çoxəsrlik tarixi ilə yanaşı, bu torpaqda yetişən nemətləri ilə də dünyada tanınır. Naxçıvanın istər təbii duzu və mineral bulaqları, istərsə də barlı-bəhərli bağlarında yetişən növbənöv meyvələri süfrələrimizin dad-tamına, bərəkətinə çevrilib. Bütün bunlara görədir ki, hələ orta əsrlərdə səyyahlar Naxçıvanı “meyvə cənnəti” adlandırıblar. Diyarımızda hər mövsümün öz meyvəsi vardır. Bu meyvələr içərisində öz dad-tamı ilə seçilən, yalnız Naxçıvanda bitən bir meyvə də vardır ki, o da göycədir. Bu meyvənin tarixi VII əsrə gedib çıxır. Bu gün Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında göycənin müxtəlif sortları yetişdirilir.
NUHÇIXAN xəbər verir ki, iyunun 1-i və 2-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti “Göycə” Festivalı keçiriləcək .
Festivalın açılışı iyun ayının 1-də saat 11:00-da olacaq.
Festivalda Naxçıvan şəhərindən, Şərur, Babək, Ordubad, Culfa və Kəngərli rayonlarından olan torpaq mülkiyyətçilərinin yetişdirdiyi müxtəlif növdə göycə məhsulları, o cümlədən hazırlanan əl işlərinin sərgi-satışı həyata keçiriləcək.
Həmçinin göycə yetişdirən fermerlər arasında “Ən yaxşı göycə” müsabiqəsi keçiriləcək, qaliblərə diplomlar və hədiyyələr təqdim olunacaq.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçiriləcək builki “Göycə” Festivalı da özünün rəngarəngliyi və müxtəlifliyi ilə iştirakçılarda xoş ovqat yaradacaq.
Qeyd edək ki, Naxçıvanda ötən illərdə də “Göycə” Festivalı keçirilib. Müxtəlif Kütləvi İnformasiya Vasitələri və sosial şəbəkələrdə geniş şəkildə işıqlandırılan ənənəvi Festival Naxçıvana gələn turistlər tərəfindən də kifayət qədər maraqla qarşılanıb.
Naxçıvan şəhərindəki “Təbriz” mehmanxanasında Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin Turizm və otelçilik ixtisasları üzrə III kurs tələbələri ilə mehmanxanaların sertifikatlaşdırılması mövzusunda seminar keçirilib.
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin statistika və sertifikatlaşdırma sektorunun baş məsləhətçisi Ülviyyə Cəfərova seminarı giriş sözü ilə açaraq qeyd edib ki, turizmin inkişaf etdirilməsi üçün əsas məsələlərdən biri də yüksək səviyyəli kadr hazırlığıdır. Bu məqsədlə Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində Turizm və otelçilik ixtisası üzrə kadrlar hazırlanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq departament tərəfindən bir sıra tədbirlər keçirilib. 15 aprel 2019-cu il tarixdən müvafiq ixtisasların tələbələri mehmanxanalarda istehsalat təcrübəsi keçirlər. Həmçinin sərəncamın icrası ilə əlaqədar olaraq “İdeyadan başlanğıca” devizi altında startapların və layihələrin qəbul olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentində ekspert qrupu yaradılıb. Bu tədbirlərin davamı olaraq bu gün mehmanxanaların sertifikatlaşdırılması haqqında seminar keçirilir.
Qarşıdan isti yay günləri gəlir. Belə havalarda kənddə istirahət edib, mənalı asudə vaxt keçirmək çoxlarının arzusudur. Uzaq məkanlara səyahətə çıxanlarla müqayisədə cəmisi bir-iki saatlıq məsafədə yaşıllıq içərisindəki kəndləri seçənlər də az deyil. Bu mənada, muxtar respublikamızda kənd sakinlərinə məxsus hosteltipli evlərin sayının artması kənd turizminin inkişafı üçün yaxşı imkanlar açır. Dağ kəndlərimizdəki bu cür yaraşıqlı evlər isti yay günlərində turistlərin rahatlığı üçün mühüm şərtlərdən biridir.
Turistlərin mədəni istirahəti üçün yerləşmə imkanları, burada yaradılmış müasir şərait vacib tələbatlardandır. Belə ki, turizm haqqında primitiv təsəvvürlərin əksinə olaraq turistlərin təkcə rekreasiya və mədəni tələbatlarından əlavə, həm də zəruri yataq və digər məişət şəraitinə olan ehtiyacları da ödənilməlidir. Bunun üçün şəhərdə iri, komfortlu otellər vardırsa, kənddə bunun əksinə olaraq rahat şəraiti olan kənd evi, yaxud da evin bağçasındakı kottec də kifayət edir. Təcrübə göstərir ki, kəndə gələn qonaqların bir çoxunun belə evləri seçməyinin əsas səbəbi də burada qalmağın daha sərfəli olmasıdır. Odur ki, istirahət və rekreasiyaya tələbatın artdığı bir dövrdə muxtar respublikamızda, xüsusən yay aylarında insanların istirahət məqsədilə üz tutduğu Şahbuz və Ordubadın dağ kəndlərindəki hostellərə maraq da artır.
May ayının 18-də Naxçıvan-Əshabi-Kəhf-Naxçıvan marşrutu açılıb. Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin sektor müdiri Natiq Həsənovdan aldığımız məlumatda bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində bu gün muxtar respublikada əldə olunan dinamik inkişaf digər sahələr kimi, nəqliyyat sahəsinə də öz müsbət təsirini göstərib, bu istiqamətdə həyata keçirilən tədbirlər insanların rahatlığının təmin edilməsinə əlverişli şərait yaradıb.
O qeyd edib ki, qədim inancları, möcüzəvi sirləri özündə yaşadan “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə getmək istəyən çoxsaylı turistlərin, zəvvarların, qonaqların, eləcə də muxtar respublika sakinlərinin rahat gediş-gəlişini təmin etmək məqsədilə yeni Naxçıvan-Əshabi-Kəhf-Naxçıvan marşrutu fəaliyyətə başlayıb. Marşrut hər gün 2 reys olmaqla, saat 8:30 və 14:00-da Naxçıvan şəhərindəki avtovağzaldan Əshabi-Kəhfə, saat 12:00 və 17:00-da isə “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksindən əks istiqamətə yola düşəcək. Sərnişin sıxlığı nəzərə alınaraq həftənin şənbə və bazar günləri dörd reys həyata keçiriləcək. Muxtar respublikaya gələn qonaqların bu marşrutdan səmərəli istifadə etmələri üçün “Təbriz” və “Grand” otellərinin, eləcə də “Cahan” Ticarət Mərkəzinin qarşısında avtobusların dayanacaq yerləri müəyyən olunub.
Naxçıvan Muxtar Respublikası Turizm Departamenti aprel ayında fəaliyyətini qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində qurub. Bu dövrdə Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin Turizm və otelçilik ixtisasları üzrə III kurs tələbələrinin 15 aprel 2019-cu il tarixdən mehmanxanalarda istehsalat təcrübəsi keçmələri təşkil olunub.
“İdeyadan başlanğıca” devizi altında layihələrin qəbul edilməsi məqsədilə Turizm Departamentində ekspert qrupu yaradılıb.Aprelin 30-da Naxçıvan Turizm İnformasiya Mərkəzində “Turizm sahəsində startapların hazırlanması” mövzusunda Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində Turizm və otelçilik ixtisasları üzrə təhsil alan tələbələrlə görüş keçirilib.