Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə Ukrayna Respublikasının İrpen şəhərində fəaliyyət göstərən Akademik Zərifə xanım Əliyeva adına 12 nömrəli xarici dillər üzrə ixtisaslaşmış ümumtəhsil məktəbinin bir qrup müəllimi Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Səfər çərçivəsində qonaqlar Naxçıvanın gəzməli-görməli yerləri ilə tanış olub, muxtar respublikanın təhsil, mədəniyyət, səhiyyə müəssisələri ilə maraqlanıblar. Nümayəndə heyətinin üzvləri Naxçıvanla bağlı təəssüratlarını belə ifadə ediblər.
Valentina Antonenko – İrpen şəhərində fəaliyyət göstərən Akademik Zərifə xanım Əliyeva adına 12 nömrəli xarici dillər üzrə ixtisaslaşmış ümumtəhsil məktəbinin direktoru: – Mən, ilk növbədə, bu səfərin təşkilində bizə göstərdiyi köməyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova öz minnətdarlığımı bildirirəm. Biz burada muxtar respublikanın bir çox təhsil və mədəniyyət müəssisələrində olduq, Duzdağ Fizioterapiya Mərkəzinə getdik. Bizim üçün maraqlı olan Naxçıvanın çox qədim tarixə və mədəniyyətə malik olmasıdır. Daha maraqlısı isə buradakı insanların öz tarixinə, dəyərlərinə böyük sevgi ilə sahib çıxması, onu təbliğ etməsi, tanıtdırmasıdır. Məsələn, biz Şərq memarlığı incilərini özündə əks etdirən və hazırda bərpa olunan Qarabağlar Türbə Kompleksi ilə tanış olduq. Bu kompleksin timsalında tarixi abidələrə göstərilən bu qayğı dövlətinizin tarixi keçmişinizə verdiyi önəmin ifadəsidir. Naxçıvan həm tarixi keçmişi və mədəniyyəti, həm də müasir sürətli inkişafı ilə bizi özünə valeh etdi.
Sabunçu rayon 67 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Saleh Ağamalıyev: –Naxçıvanda olduğum günlər həyatımın ən yaddaqalan günləri olacaq. Naxçıvan şəhərinin, Ordubad və Culfa rayonlarının tarixi-mədəni abidələri, ecazkar təbiəti məni heyran etdi.
Tur-aksiya çərçivəsində biz dağlar qoynuna, gözəl təbiətli Şahbuz rayonuna da yollandıq. Rayonda ilk baş çəkdiyimiz ünvanda – “Farma Şah” müəssisəsində mən ilk dəfə dərman bitkilərinin hazırlanmasını gördüm, bu bitkilərin şəfaverici xüsusiyyətləri haqda məlumat aldım.
Qarlı dağların qoynunda yer alan Ağbulaq İstirahət Mərkəzində gördüklərimi də, yəqin ki, uzun müddət unuda bilməyəcəyəm. Belə məkanları mən ancaq televiziya ekranında görmüşdüm. Bundan başqa, biz Batabat Astrofizika Rəsədxanasında, Şahbuz Dövlət Təbiət Qoruğunda olduq, bənzərsiz mənzərələrin qoynunda xatirə şəkli çəkdirdik. Bütün bunlar yaddaşımda silinməz izlər buraxdı.
Sabunçu rayon 67 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Aytən Kələşova: – Artıq iki gündür ki, mən və digər məktəbli yoldaşlarım ölkəmizin bu əsrarəngiz guşəsinin qonağıyıq. Naxçıvan şəhərinin, Ordubad və Culfa rayonlarının gəzməli-görməli yerləri, mədəniyyət və təhsil müəssisələri ilə tanış olduq, tarixi və təbiət abidələrini yaxından gördük. Buraya gəldikdən sonra Naxçıvanın, həqiqətən də, gözəlliklər diyarı olduğunun əyani şahidi oldum. Onu da gördüm ki, burada bizi qarşılayan, qayğımıza qalan insanlar mehriban, qonaqpərvər və səmimidirlər. Bu, məni və yoldaşlarımı çox sevindirdi. Yaradılan imkanlara görə minnətdarlığımı bildirirəm.
Yasamal rayonundakı Akademik Zərifə Əliyeva adına Liseyin 11-ci sinif şagirdi Fidan İbrahimova:
– Möminə xatın türbəsi, Xan sarayı, Ordubad və Şahbuzun əsrarəngiz təbiəti və gözəlliyi məni valeh etdi. Biz Naxçıvanın möcüzəli təbiəti, qədim tarixi, inkişaf edən bölgələri və bu il ölkəmizin Gənclər Paytaxtı seçilən Naxçıvan şəhəri ilə yaxından tanış olduq. Muxtar respublika paytaxtı həqiqətən də çox gözəl, təmiz və gözoxşayan bir şəhərdir.
Muxtar respublikamızda turizmin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər bəhrələrini verməkdədir. Yaradılan infrastruktur şəraiti, turistlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində verilən tapşırıqlar qısa müddətdə Naxçıvana səyahət etmək istəyən turistlərin marağının artmasına mühüm təsir edib. Bir qrup çinli turistin də Naxçıvan haqqında xoş təəssüratları belə deməyə əsas verir.
Turistlərdən Jou Li dedi ki, Naxçıvanda ilk dəfə olur. İxtisasca mühəndisdir. Əvvəllər işi ilə əlaqədar ölkəmizin paytaxtına gəlsə də, bu diyar haqqında təsəvvürü çox olmayıb. Digər 7 nəfər həmkarı ilə birgə budəfəki istirahətini Naxçıvanda keçirdiyinə görə çox məmnundur. Hava limanındakı qarşılamadan tutmuş bütün qonaqpərvərlik servislərinin yüksək səviyyədə olduğunu vurğulayan çinli qonaq burada hazırlanan milli yeməklərin çox dadlı olduğunu xüsusilə qeyd etdi. O, Əshabi-Kəhf ziyarətgahından, Naxçıvan şəhərindəki muzeylərdən aldığı təəssüratı sosial şəbəkələr vasitəsilə dostları ilə paylaşacağını da bildirdi.
Rusiya Federasiyasının vətəndaşı Anatoli Maxin həm veteran idmançı, həm də Voskresensk şəhərinin millət vəkilidir.
Naxçıvanın ötən əsrin 90-cı illərindəki çətin məqamlarında burada olan, o günlərin yaddaşında dərin iz buraxdığını qeyd edən qonağımız bu dəfə sadə bir turist qismində Naxçıvanımızı ziyarət etməyi özünə mənəvi borc bilib.
Sovet ordusunun tərkibində burada xidməti vəzifəsini yerinə yetirən Anatoli Maxin İşğalçı Ermənistanın Sədərəyə, ümumilikdə Naxçıvana silah və texnika ilə hücüm etdiyi həmin dövrdə naxçıvanlılar cəbhədə canlarını sipər etməsini, düşmənin bir qarış belə irəliləməsinə imkan verməməsini parlaq qəhrəmanlıq nümunəsi kimi dəyərləndirir.
Anatoli Maxin o zamankı Naxçıvanı belə xatırlayır: