"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Müasirliyi və tarixiliyi özündə yaşadan yurd yerimiz ORDUBAD

Naxçıvan Muxtar Respublikasının bölgələri içərisində Ordubad rayonu qədimliyi və özünəməxsusluğu ilə seçilir. Abadlıq və quruculuq işləri sayəsində bu yurd yerimiz simasını dəyişir, günü-gündən gözəlləşir və yeni quruculuq dövrünü yaşayır. Zəngəzur dağlarının ətəyində yerləşən rayon mərkəzi isə təkcə Qafqazın deyil, bütövlükdə, Şərqin və Avrasiyanın köksündə özünə yuva qurmuş müasir Azərbaycan şəhəridir.

Xalqımızın ümummilli lideri Heydər Əliyev Ordubadı “Azərbaycanın incisi” adlandırıb. Bura təkcə təbii gözəllikləri, relyefi, flora və faunası ilə yox, həm də yüksək mədəniyyətdən, mənəvi irsdən xəbər verən, tarixilik baxımından diqqəti cəlb edən qədim yurd yerləri və məskənləri ilə də tanınır. 

Yolumuzu Ordubaddan saldığımız zaman Kiçik Qafqaz sıra dağlarının ən uca zirvəsi sayılan Qapıcıq dağından, başları qarlı Soyuq, Əjnövür, Bəlkə dağlarından, “Şıxı yurdu”, “Qurban yurdu” və “Salabun”dan keçərək “Zəvvar” arxı ilə gəlib kiçicik şəlalə kimi çaylarımıza tökülən buz kimi sərin çeşmələr, kəhrizlər, təmiz dağ havası, bol məhsullu meyvə bağları, yol kənarında yeni əkilmiş ağaclar, göz oxşadıqca uzanan əkin sahələri, qədim Şərq üslubunda tikilmiş memarlıq abidələri gözümüzü, könlümüzü oxşayır.

Ardını oxu...

Milli mədəniyyətimizin və turizm potensialının təbliğində sosial şəbəkələrin rolu

Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Milli mədəniyyətimizin və turizm potensialının təbliğində sosial şəbəkələrin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Kənan Tağızadə “Sosial şəbəkələrin gənclərə təsiri” və Əkbər Novruzov “Milli mədəniyyətimizin və turizm potensialının təbliğində sosial şəbəkələrin rolu” mövzularında çıxış ediblər. Bildirilib ki, bu gün inkişaf etməkdə olan texnologiyalar sürətlə həyatımızın bir hissəsinə çevrilməkdədir. 

Qeyd edilib ki, internetdə Naxçıvan Muxtar Respublikasında mədəniyyət və turizm sahəsi ilə bağlı təbliğat missiyasını da bu texnologiyaların köməyilə, internet şəbəkəsindən istifadə etməklə tam həcmdə həyata keçirmək olar. İnternet resurslarından istifadə edərək qədim diyarımızın mədəniyyətini və turizm potensialını geniş təbliğ etmək üçün hər cür imkanlarımız vardır.

Ardını oxu...

Qarabağlar Türbə Kompleksində bərpa işləri davam etdirilir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri "Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında" 2016-cı il iyulun 4-də Sərəncam imzalamış, bununla bağlı tədqiqat qrupu yaradılmışdır. Sərəncama uyğun olaraq ötən ildən etibarən Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin görkəmli nümunələrindən olan Qarabağlar Türbə Kompleksində bərpa işlərinə başlanmışdır.

Noyabrın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qarabağlar Türbə Kompleksində olmuş, bərpa işlərinin gedişi və bundan əvvəl verdiyi tapşırıqların icrası ilə maraqlanmışdır. 

Məlumat verilmişdir ki, Əcəmi Naxçıvani memarlıq məktəbinin davamı, memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsi olan dünya əhəmiyyətli abidədə bərpa işləri elmi əsaslarla aparılır. Kompleks türbə, xanəgah və qoşa minarəli baştağdan ibarətdir. Bərpa işləri aparılarkən abidənin tarixi görkəmi olduğu kimi qorunub saxlanılır. Bu günədək türbənin kürsülük hissəsi və kaşılı örtükləri, eləcə də türbənin səthindəki həndəsi ornamentləri xatırladan kitabələr, qoşa minarəli baş tağı və xanəgahı bərpa olunmuşdur. 

Türbənin ətrafında da abadlıq işlərinin görülməsi və yaşıllıqların salınması nəzərdə tutulur. Hazırda ərazidə torpaq işləri görülmüş, kompleksə gedən yol genişləndirilmişdir.  

Ali Məclisin Sədri Qarabağlar türbəsindəki bərpa işlərinin gedişi  barədə müvafiq tapşırıq və tövsiyələrini vermişdir.

 

 

Türkiyənin Sabah qəzetində Naxçıvanla bağlı məqalə dərc olunub

Sabah qəzetinin köşə yazarlarından olan Veli Yalçın “NAHÇIVAN” başlıqlı məqaləsində  qədim diyarın turizm potensialından yazıb.

Müəllif məqaləsində Heydər Əliyev, Bəhruz Kəngərli və digər muzeylər barədə məlumat verib. Vurğulayıb ki, bütün muzeyləri  ödənişsiz ziyarət etmək olar.

Eləcə də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Möminə Xatun Türbəsi, Cümə məscidi, Xan sarayı, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi və kompleksin yaxınlığında yerləşən Nuh Peyğəmbərin məzarüstü türbəsi, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi barədə məlumatları diqqətə çatdırır. 

Müəllif həmçinin Duzdağ Fizioterapiya Mərkəzi, Duzdağ möcüzəsi  barədə  yazır.  Muxtar respublikanın turizm obyektlərini və eləcə də otellər şəbəkəsinin yüksək səviyyədə olduğunu qeyd edir.

Veli Yalçın yazır ki, Naxçıvanın turizm potensialı yüksək səviyədədi, yeməklər zövqə uyğundur. Böyük küçələr, səkilər, binalar, yaşıllıq sahələri və təmizlik adamı heyran edir. Əsas diqqətimi isə şəhərin olduqca təhlükəsiz, olması və insana rahatlıq bəxş etməsi çəkdi.

Ardını oxu...

Naxçıvanda "Ailə təsərrüfatı məhsulları" festivalı keçirilib

Noyabrın 18-də "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində "Ailə təsərrüfatı məhsulları" festivalı keçirilib.

Tədbirin aparıcıları Naxçıvanda ailə təsərrüfatlarının yaranması tarixindən və əhəmiyyətindən bəhs ediblər.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı  Nazirliyinin  şöbə  müdiri Ədalət Hüseynov festivalda çıxış edərək muxtar respublikada kənd təsərrüfatının inkişaf etdirilməsi, ailə təsərrüfatlarının yaradılması, daxili bazarın  idxaldan asılılığının azaldılması, eyni zamanda ixrac imkanlarının artırılması istiqamətində görülən tədbirlərdən danışmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivalda iştirak etmiş, ailə təsərrüfatlarının fəaliyyəti ilə maraqlanmış, təsərrüfat sahibləri ilə söhbət etmiş, onların istehsal etdikləri məhsullardan almışdır.  

 Məlumat verilmişdir ki, festivala muxtar respublikanın bütün rayonlarından olan 284 ailə təsərrüfatı tərəfindən 14 növdə 249 çeşiddə 7538 qablaşdırılmış məhsul çıxarılmışdır. Naxçıvan qaymağı, xaması, qovurması, müxtəlif növ mürəbbə və şirniyyatları, Nehrəm pendiri, qatığı, Ordubad alanası, sucuğu, cəvizi, meyvə araqları, müxtəlif çeşidli ət və balıq məhsulları, eləcə də turşular, kompotlar, Naxçıvan təbiətinin nemətlərindən olan dərman bitkiləri festival iştirakçılarına təqdim olunurdu. Naxçıvanın zəngin mətbəx mədəniyyətinə malik olması tarixən bu ərazidə quru meyvəçiliyin inkişafına stimul vermişdir. Festivala ailə təsərrüfatları tərəfindən qablaşdırılmış alça, göycə, ərik, tut və digər meyvə quruları da çıxarılmışdı.

Ardını oxu...

Naxçıvanda "Arıçılıq məhsulları-bal festivalı" keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2016-cı il noyabrın 18-də “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır. 

Dövlət Proqramına uyğun olaraq noyabrın 11-də "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində "Arıçılıq məhsulları-bal festivalı" keçirilmişdir.     

Tədbirin aparıcıları xalqımızın əsrlər boyu arıçılıqla bağlı yaratdığı folklor nümunələrini, atalar sözlərini festival iştirakçılarının diqqətinə çatdırmışlar.Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov çıxış edərək muxtar respublikanın təsərrüfat və məişət həyatında əsas yerlərdən birini tutan arıçılığın inkişaf tarixindən danışmış, zəngin təbiətin arıçılığın inkişafı üçün əlverişli şərait yaratdığını bildirmiş, Naxçıvan balının bioloji xüsusiyyətləri barədə məlumat vermişdir.       

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivalda iştirak etmiş, Naxçıvan balının sərgi-satışı ilə tanış olmuşdur. 

Ardını oxu...

01070366
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
10
113
4449
10569
1070366

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: