"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Tələbələrin istehsalat təcrübəsi davam edir

Naxçıvan Muxtar Respublikası  Ali  Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin hamiliyinə verilmiş “Naxçıvan” universiteti və Naxçıvan Dövlət Universitetinin  “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan III və IV kurs tələbələrinin istehsalat təcrübəsi davam edir. Qrafikə əsasən tələbələr 23 may 2022-ci il tarixdə “Saat Meydanı” Hotelinin fəaliyyəti ilə yaxından tanış olmuşlar. Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Turizmin inkişafı və təbligi sektorunun Baş məsləhətçisi Elşən Mehralıyev çıxış edərək bildirmişdir ki, turizmdə yerləşdirmə xidməti səfərin ən əhəmiyyətli komponentlərindən biridir. Müstəqilliyimizin bərpasından sonra muxtar respublikamızda infrasruktur quruculuğu sahəsində atılan qətiyyətli addımlar turizmin inkişafına mühüm zəmin yaratmışdır. Artıq müasir Naxçıvan öz qonaqlarını yeni dövrün tələblərinə uyğun fəaliyyət göstərən mehmanxanalarda qarşılayır.

Ardını oxu...

Könüllülərin iştirakı ilə hikinq və kampinq fəaliyyəti təşkil edilmişdir

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti və Gənclər Fondunun birgə təşkilatçılığı ilə 13, 16 may 2022-ci tarixlərdə Gənclər Mərkəzində “Peşəkar bələdçi” təliminin I, II modulu və 18 may 2022-ci il tarixdə Qarabağlar Türbə Kompleksində təlimin III modulu keçirilmişdir. Bu təlimlərin I və II modulları zamanı Turizm könüllülərinə ilkin səyahətlərin yaranması, Azərbaycanda turizmin qısa tarixi, ekskursiyanın mahiyyəti, ekskursiya zamanı məntiqi təfəkkür qanunlarından istifadə, ekskursiya-bələdçisinin qrupa rəhbərlik edə bilməsi və turistlərlə ünsiyyət, əlaqə yaradıb onu uzun müddət saxlamaq bacarığı haqqında məlumat verilmişdir. Həmçinin, ekskursiya zamanı informasiyanın turistlərə ötürülməsində diksiyanın, jestlərin, mimikanın və obrazlı çıxışın əhəmiyyətini təlim iştirakçılarının diqqətinə çatdırmışdır. Həmçinin “Turist marşrutlarına tələblər və marşrutun hazırlanma qaydaları” haqqında könüllülərə geniş məlumat verilmişdir. “Peşəkar bələdçi” təliminin III modulunda isə turizm könüllülərinə “Ekskursiya zamanı sürücünün hüquq və vəzifələri”, ekskursiya-bələdçisinin qrupla tanışlığı, turistlərin avtobusdan çıxışı, onların  obyekt yanında yerləşdirilməsi, avtobusa dönüşü, ekskursiya vaxtına riayət edilməsi, gedilən marşrut üzrə yaxınlıqda yerləşən turizm obyektlərinə baxış, obyektlərin nümayiş etdirilməsi və onun əsas üsulları, ekskursiya-bələdçisinin turist qrupu ilə əlaqəsi, eyni zamanda gəzinti, avtobus və məkan model turları haqqında məlumat verilmişdir. Bu təlimlərin davamı olaraq turizm könüllülərinin keçirilən təlimlərdə topladıqları bilik və bacarıqları praktikada tətbiq etmək üçün 22 may 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən Şahbuz rayonunun Kükü kəndində Gurbulaq şəlaləsinə təşkil edilən səfər zamanı turizim könüllüləri bələdçi qismində çıxış etmişlər. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının turizm departamenti tərəfindən Camping Azərbaycan şirkətinin rəhbəri Elvin Məmmədov Bakıdan dəvət olunaraq Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin “Turizmin inkişafı və təbliği” sektorunun aparıcı məsləhətçisi, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının “Peşəkar bələdçi şəhadətnaməli” təlimçisi Orxan Cəfərov ilə birlikdə turizm könüllülərinə hikinq və kampinq fəaliyyəti haqqında geniş məlumat verilmişdir. Təlimçilər hikinqin əvvəlcədən müəyyənləşdirilmiş yollarla yürüyüş parklarında, meşə ərazilərində və yaxud göl ətrafı ərazidə edilən qısa (8-12 km) yürüyüşlər olduğunu, muxtar respublikamızda  hikinq üçün çox ideal yerlərin mövcudluğunu, hiking çətinlik səviyyəsinə görə 6 hissəyə bölünməsi və bu səviyyələr barədə geniş məlumatları könüllülərin diqqətinə çatdırmışlar.

Ardını oxu...

Naxçıvan-Dırnıs turizm marşrutu

Hər il yeni turizm mövsümü başladıqca insanlar ənənəvi olaraq builki səyahətlərini harada və necə keçirəcəyini planlaşdırmağa başlayırlar. Bu baxımdan stressdən uzaq yaşayıb mənalı istirahət keçirmək hamının arzusu olduğu kimi, daha yeni və kəşf edilməmiş turizm marşrutlarının da öyrənilməsi həm turistlərin, həm də turizmin inkişafına maraqlı olan hər kəsi düşündürən məsələlərdəndir. Zəngin turizm potensialı olan Naxçıvan Muxtar Respublikasında yeni turizm marşrutlarının işlənib hazırlanması, onların tanıtımı və bu istiqamətdə turlarının təşkili regiona xas turizm məhsulunun xüsusi çəkisinin artmasına imkan yaradır. Ordubadın dilbər güşələrindən biri olan Dırnıs kəndi istiqamətində səyahətə çıxanlar üçün Naxçıvan-Dırnıs turizm marşrutu barədə təəssüratlar, bu mənada, oxucularımız və həvəskar turistlər üçün də maraqlı olardı.

Ardını oxu...

Turizm könüllülərinə “Peşəkar bələdçi” təliminin II modulu keçirilmişdir

16 may 2022-ci il tarixdə Gənclər Mərkəzində  turizm könüllüləri üçün “Peşəkar bələdçi” təliminin II modulu keçirilmişdir. Tədbirdə təlim keçən Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin “Statistika və sertifikatlaşdırma” sektorunun müdiri, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının “Peşəkar bələdçi şəhadətnaməli” təlimçisi Süleyman Rüstəmov ilk öncə ekskursiya-bələdçisinin peşəkarlığının tərkib hissələri haqqında könüllülərə məlumat vermişdir. Bildirmişdir ki, peşəkarlıq hər hansı bir sahədə yüksək qabiliyyət, müstəsna bacarıq deməkdir. Ekskursiya-bələdçisinin peşəkarlığının mühüm cəhəti onun qrupa rəhbərlik edə bilməsi və turistlərlə ünsiyyət, əlaqə yaradıb onu uzun müddət saxlamaq bacarığıdır. Qeyd etmişdir ki, ekskursiya-bələdçisi obyektləri ekskursant qrupuna nümayiş etdirən və eyni zamanda bu nümayişi metodiki tələblərdən irəli gələn lazımı izahlarla müşayiət edərək ekskursiya keçirən bir şəxsdir. Ekskursiya işinin mərkəzi fiquru - bələdçidir. Bunlardan başqa təlimçi slayd vasitəsilə könüllülərə ekskursiya zamanı bələdçilərin vəzifəsi, peşə etikası, şifahi nitqin əsas xüsusiyyətləri, nitqin dinləmə və görmə elementləri, ekskursiya zamanı daxili və xarici maneələr haqqında geniş məlumat vermişdir. Həmçinin, ekskursiya zamanı informasiyanın turistlərə ötürülməsində diksiyanın, jestlərin, mimikanın və obrazlı çıxışın əhəmiyyətini təlim iştirakçılarının diqqətinə çatdırmışdır. Bundan başqa Azərbaycanın “Bir daha bax” turizm brendi, Naxçıvan Muxtar Respublikasının turizm loqosu slayd vasitəsilə könüllülərə təqdim edilmiş və geniş şəkildə izahı verilmişdir.

Ardını oxu...

Ordubad rayonunun Anaqut kəndində “Xan Çinar” istirahət mərkəzi istifadəyə verilib

Naxçıvan Muxtar Respublikasının zəngin təbiəti, qədim tarixi və maddi mədəniyyət abidələri burada turizmin inkişafı üçün geniş imkanlar açır. Bu istiqamətdə layihələr hazırlanır, yeni istirahət və əyləncə mərkəzləri qurularaq sakinlərin istifadəsinə verilir. Bu tədbirlərin davamı kimi, mayın 13-də Ordubad rayonunun Anaqut kəndində “Xan Çinar”  istirahət mərkəzinin açılış mərasimi keçirilib. 

Açılış mərasimində Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov çıxış edərək bildirib ki, muxtar respublikamızda həyata keçirilən kompleks quruculuq işləri Ordubad rayonunu da ağuşuna alıb. Yeni yolların çəkilişi, məktəblərin tikintisi uğurla davam etdirilir. Ordubad və Tivi Su Elektrik Stansiyalarının tikintisi və digər layihələrin həyata keçirilməsi də rayonun sosial-iqtisadi inkişafına mühüm töhfədir. Müasir infrastrukturla təchiz edilən istirahət məkanının istifadəyə verilməsi isə yurdumuza gələn turistlərin təəssüratlarını daha da zənginləşdirəcək, onların tariximiz, mədəniyyətimiz, adət-ənənələrimiz və zəngin mətbəximizlə yaxından tanış edəcək. Naxçıvan Muxtar Respublikası iqtisadiyyat naziri Tapdıq Əliyev bildirib ki, Naxçıvanın turizm potensialından maksimum istifadəyə yönələn tədbirlər ardıcıl şəkildə davam etdirilir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq edilib, proqramda nəzərdə tutulan tapşırıqların icrası diqqətdə saxlanılıb. Ordubad rayonunun Anaqut kəndinin əlverişli təbii-coğrafi şəraiti nəzərə alınaraq burada “Xan Çinar” istirahət mərkəzi yaradılıb. Bu isə əhalinin sosial-iqtisadi inkişafında, məşğulluğunun təmin olunmasında, təbii-iqtisadi imkanlardan geniş istifadə edilməsində əhəmiyyətli rol oynayır.

Ardını oxu...

Turizm könüllülərinə “Peşəkar bələdçi” təliminin I modulu keçirilmişdir

13 may 2022-ci il tarixdə Gənclər Mərkəzində  turizm könüllüləri üçün “Peşəkar bələdçi” təliminin I modulu keçirilmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin “Statistika və sertifikatlaşdırma” sektorunun müdiri, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının “Peşəkar bələdçi şəhadətnaməli” təlimçisi Süleyman Rüstəmov bildirmişdir ki, keçirilən təlimlərin əsas məqsədi peşənin imicini artırmaq, təlim vasitəsilə yüksək peşəkarlıq standartlarını yüksəldərək bələdçiliyin keyfiyyətinin artırılması, bu sahə üçün yeni insan resurslarının müəyyənləşdirilməsi, yerli turist bələdçilərindən istifadəni təşviq etmək,  bazara çıxarmaq və təmin etməkdir. 

Təlimçi könüllülərə modula ümumi baxış, ilkin səyahətlərin yaranması, Azərbaycanda turizmin qısa tarixi, ekskursiyanın mahiyyəti, ekskursiya zamanı məntiqi təfəkkür qanunlarından istifadə haqqında məlumat vermişdir. 

Qeyd olunmuşdur ki, bələdçilik fəaliyyəti yeni qəbul olunmuş “Turizm haqqında qanun”un müvafiq maddəsi ilə tənzimlənən sahəyə çevrilmişdir. Bildirmişdir ki, muxtar respublikamızda turizm sektoru sürətlə inkişaf etməkdədir. 

Bu qədim diyar artıq beynəlxalq turistlər üçün cəlbedici məkana çevrilir. Ölkəyə gələn turistlərə yüksək standartlara uyğun xidmətin göstərilməsi isə bir çox faktorlardan asılıdır. Bu baxımdan turizm-ekskursiya işinin təşkilində bələdçilərin, bələdçi-tərcüməçilərin rolunu ayrıca qeyd etmək lazımdır.Bələdçi-ölkəyə gələn turistlərin yüksək səviyyədə qarşılayıb, yola salan şəxsdir. Onlar turistlərin qarşılaşacağı əhalinin ilk və bəzən yeganə təmsilçiləridir.

Məruzəçi vurğulamışdır ki, məqsədimiz bu modulu tamamladıqdan sonra könüllünün turizm-ekskursiya işinin təşkilini yüksək səviyyədə bacarmağıdır.Modulumuzun I təlim nəticəsini mənimsəyən tələbə bələdçilik sənətinin tarixini, mahiyyətini və bələdçilik peşəsi ilə bağlı huquqi-normativ sənədləri biləcək, bələdçilik peşəsinin bu gününü və keçmişini uzlaşdırmağı, ekskursiyanın mahiyyətini müəyyən etməyi, peşəkar bələdçi peşəsi ilə bağlı hüquqi normativ sənədləri sadalamağı bacaracaqdır.

Sonra təlimçi könüllülərə bələdçi şəhadətnaməsi almaq üçün prosedur qaydalarını izah etmişdir.

Həmçinin təlimdə müvafiq məlumatlar könüllülərə slayd vasitəsilə nümayiş etdirilmişdir.

 

01055957
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
94
110
1879
4009
1055957

Tarix: 14-10-2024
Biz, sosial şəbəkələrdə: