Cari ilin yanvar-fevral ayları ərzində muxtar respublikaya 44 min 672 nəfər turist gəlib ki, bu da bir il öncəki göstəricidən 6,8 faiz çoxdur.
Novruz bayramı ilə əlaqədar olaraq muxtar respublikaya gələn turistlər üçün də otellərdə hər cür şərait yaradılıb. Bu il mehmanxanalarda qalan turistlər üçün info-turlar da təşkil olunacaq.
Beş ulduzlu “Təbriz” mehmanxanasından bildirilib ki, oteldə Novruz bayramı ilə əlaqədar olaraq hazırlıqlar görülüb. Naxçıvana turist axını ilə əlaqədar otel tamamilə dolub. Qonaqlar arasında İrandan gələnlər çoxluq təşkil edir. Mart ayının 16-dan başlayaraq turistlər üçün konsertlər və əyləncəli proqramlar təşkil olunub.
Martın 24-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasına gələn Bakılı məktəblilər qədim diyarın Ordubad və Culfa rayonlarının ərazisində yerləşən tarixi abidələr, mədəniyyət və təhsil müəssisələri ilə tanış olublar.
Füsunkar təbiəti ilə diqqət çəkən Ordubad rayonu ilə tanışlıq Bakı məktəbliləri üçün xüsusilə maraqlı keçib. Əvvəlcə şagirdlər Ordubad şəhərindəki 3 nömrəli tam orta məktəbə gəliblər. Burada bildirilib ki, 810 şagird yerlik məktəbdə 5-i elektron lövhəli olmaqla, 45 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinet, 3 kompüter, 2 şahmat, 2 müəllimlər otağı, kitabxana, bufet və idman zalı var. Burada şagirdlərin bilik və maraqlarına uyğun tədbirlərin keçirilməsi, onların fəal mütaliəyə cəlb olunması üçün lazımi şərait yaradılıb. Məktəbin kitabxanasında 14 minə yaxın kitab var. Təhsil sisteminin informasiya texnologiyaları əsasında təkmilləşdirilməsi və interaktiv təlim metodlarından istifadə yüksək nəticələrin qazanılmasına imkan verir. Məktəbdə 57 kompüter şagirdlərin istifadəsindədir. Elektron lövhəli siniflərdə şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki və bioloji proseslərin izahını və videogörüntülərini, müxtəlif cihazların, qurğuların, texniki vasitələrin işləmə prinsiplərini izləyə, eləcə də virtual tədris mübadiləsi apara bilirlər. Bu isə tədris materiallarının daha yaxşı mənimsənilməsinə kömək edir.
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində martın 23-də Bakı şəhərinin Səbail, Sabunçu, Suraxanı, Nizami, Yasamal və Pirallahı rayonlarının məktəblərindən olan 160 şagird Naxçıvan Muxtar Respublikasına gəlib. Tur-aksiya iştirakçıları Naxçıvan Beynəlxalq Hava Limanında qarşılanıblar.
Məktəblilər əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət ediblər.
Sonra şagirdlər Heydər Əliyev Muzeyinə gələrək buradakı eksponatlarla tanış olublar. Məlumat verilib ki, bu gün muzeyin fondunda ulu öndərin həyat və fəaliyyətini əks etdirən 4600-dən çox eksponat toplanıb. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb.
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçıları Naxçıvan şəhərinin mədəniyyət müəssisələri, tarixi abidələri ilə yaxından tanış olublar.
Məktəblilər əvvəlcə Duzdağ Fizioterapiya Mərkəzinə gəliblər. Burada onlara məlumat verilib ki, mərkəz 1979-cu il dekabrın 29-dan 50 çarpayılıq xəstəxana kimi Naxçıvan duz mədəni bazasında fəaliyyət göstərir. Dəniz səviyyəsindən 1173 metr hündürlükdə yerləşir. 2003-cü ildə xəstəxananın yeraltı şöbəsində müasir tələblərə uyğun yenidənqurma işləri aparılıb, yeraltı şöbə genişləndirilib, müasir avadanlıqlarla və ləvazimatlarla təmin edilib. Duzdağ Fizioterapiya Mərkəzinin digər duz şaxtalarından üstünlüyü ondadır ki, şaxta horizontal yerləşdiyindən xəstələr yeraltı şöbəyə tez adaptasiya olunurlar. Digər tərəfdən şaxtada oksigen və havanın temperaturu daim sabit qalır. Bu da astma, bronxit xəstələrinin sağalması prosesinin daha da sürətlənməsinə səbəb olur.
Martın 19-da Naxçıvan şəhərindəki Gənclər Mərkəzində “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində muxtar respublikada səfərdə olan bakılı məktəblilərlə görüş keçirilib.
Görüşdən əvvəl şagirdlər Gənclər Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, mərkəz 2014-cü ildə muxtar respublika gənclərinin istifadəsinə verilib. Dördmərtəbəli binada elektron lövhəli 3 linqafon sinfi, kompüter otağı, elektron kitabxana, intellektual və stolüstü oyun zalları, interaktiv tir və kafe var. Mərkəzdə informasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq edilib, 104 kompüter dəsti quraşdırılıb, mərkəzi server sistemi və daxili şəbəkə yaradılıb, kompüterlərin hər birinin internetə çıxışı təmin edilib. Gənclər burada istənilən xarici dil üzrə həm nəzəri biliklərə, həm də praktik olaraq düzgün tələffüz vərdişlərinə yiyələnirlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, respublikamızın şəhər və rayonlarının məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalara martın 16-da start verilib. Xəbər verdiyimiz kimi, həmin gün tur-aksiya çərçivəsində Bakı şəhərinin 6 rayonundan 162 məktəbli 18 bələdçi-müəllimin müşayiəti ilə Naxçıvan Muxtar Respublikasına gəlib.
Tur-aksiyanın ikinci günü Bakı məktəbliləri Ordubad və Culfa rayonlarının ərazisində yerləşən tarixi abidələrlə, mədəniyyət və təhsil müəssisələri ilə tanış olublar.